20.01.2012

Avropaya eşşəklə getmək olar?


B
əs Avropadan eşşəklə  gəlmək necə?
 Ötən il Avroviziya mahnı müsabiqəsindəki qələbəmizdən sonra Avropanın nəzərləri bizə yönəldi. Azərbaycan adlı ölkə eşitməyən, ya da eşitsə də, haqqında heç bir məlumata malik olmayan sadə avropalılar əlbəttə ki, gələn il qitələrinin ən nüfuzlu mahnı müsabiqəsinə ev sahibliyi edəcək ölkə haqqında informasiya əldə etmək istəyirdilər. Bu, ən çox özünü mahnı müsabiqəsini təbliğ etməklə məşğul olan internet səhifələrində göstərirdi. "Axı bu necə ölkədir?" sualı az qala hər istifadəçi şərhində özünə yer tapırdı. Məğlubiyyətin acısını yaşayan düşmənlərimiz isə bu məsələdə də fürsəti əldən vermək istəmirdilər. Ölkəmiz haqqında yanlış informasiyalar verməklə məşğul olan xain qonşularımız öz fikirləri ilə xəbərsiz avropalıları sapdırmağa çalışırdılar. İş o yerə çatmışdı ki, hətta bir alman öz şərhində "Bakıda aeroport var? Biz ora nə ilə gedəcəyik - at-eşşəklə?" də yazdı. O zaman həmin alman xanıma Heydər Əliyev adına Beynəlxaliq Hava Limanının və şəhərimizin görkəmli yerlərinin bir neçə şəklini göndərib "Azərbaycanı Ermənistanla səhv salmayın, biz əsl Avropa ölkəsiyik" kimi cavab da ünvanlamışdım.
Amma hərdən pafosdan uzaqlaşıb reaallıqla üzbəüz qalmaq da lazım gəlir. Görəsən, vətənpərvərlik hisslərimin təsiri ilə yazdığım "əsl Avropa ölkəsiyik" fikri nə qədər həqiqətə yaxındır? Bax, bu sualı isə özümə artıq hər gün üzləşməyə adət etdiyim tıxaclarda verirəm. Tıxacların elə Avropanın özü üçün də normal bir hal olduğunu deyə bilərsiniz. Bəs görəsən, günün günorta çağı əsas yolların qazılması, təmirə bağlanması da Avropa təcrübəsində varmı? Bilirəm, yenə aranızda məni qınayanlar, "təmir, tikinti inkişaf deməkdir, inkişafın nəyindən narazısan" sualını verənlər var.
Bəli, təmir və tikinti inkişaf göstəricisidir. Amma bunlar keyfiyyətlə görülərsə. Bir yolu qısa müddət ərzində dəfələrlə təmir etmək normal haldırmı? Yeni təmirdən çıxmış yolun bir neçə aydan sonra yenidən əvvəlki vəziyyətə düşməsi məncə, heç də inkişafdan xəbər vermir. Hər dəfə yol tikintisi və ya təmiri bitəndən sonra bəh-bəhlə "Avropa standartları"ndan dəm vursaq da, qısa müddətdən sonra həmin standartlara şübhə etməyə başlayırıq.
Ötən həftə hər gün istifadə etdiyim marşrut avtobusu hər zamankı yolunu dəyişib başqa istiqamətlə hərəkət edəndə sərnişinlər bunun səbəbi ilə maraqlanmağa başladılar. Avtobus sürücüsü isə maraqlı bir cavab verdi: "O biri yolda xəzinə tapıblar. İndi qazıb onu çıxarmaqla məşğuldurlar."
Hərdən adamın ağlına gəlir ki, bəlkə elə sürücü haqlıdır, həqiqətən də bu yollarda xəzinələr gizlədilib. Yoxsa niyə hər neçə aydan bir onları qazsınlar ki?
Bir neçə gün öncə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin paytaxtın küçə və prospektlərində yağış barmaqlıqları tikdiyi xəbərini aldıq. Şəxsən mən bu xəbərə çox sevindim. Necə olmasa, bu barmaqlıqların tikintisindən sonra daha yollarımızın əsas qənimi olan yağıntı suları yollarda qalmayacaq. Amma sən demə, bu yenilikdən narazı qalanlar da var imiş. "Yenə də yolları qazmağa başlayacaqlar" gileyini səsləndirən bu narazıları başa düşməmək olmur.
Yollarımızı tezliklə həqiqi Avropa standartları səviyyəsinə çatdırmaq və bir daha bu standartdan qısa müddət ərzində geri qalmamasını təmin etmək lazımdır. Bunu özümüz üçün etməsək də, qonaqlarımız üçün mütləq etməliyik. Axı biz qonaqpərvər və göstərini sevən xalqıq. Az qalıb, Avropa bizə gəlir. Onların isə ayaqlarını yerdən götürəcək eşşəkləri yoxdur. Öz aramızdır, elə biz də gör nə vaxtdır eşşəkdən imtina edib avtomobillərə minmişik. Bundan sonra yenidən eşşəyə minəsi, Avropaya eşşəklə gedəsi deyilik ki. Ümumiyyətlə, maraqlıdır, Avropaya eşşəklə getmək olar?
13 dekabr, 2011

Ramil Səfərovun adından istifadə edənlər...


Yalandansa susmağınız yaxşıdır
Son günlərdə dostlarımın bir neçəsi mənə şad xəbər verib muştuluq istəyirlər ki, bəs Ramil Səfərov Bakıya dönür. Verdiyim "nə vaxt, necə" suallarına ya "Yeni ili burada qeyd edəcək", ya da "az qalıb" kimi cavablar alıram. "Bəs bunu kim deyib" sualı isə ümumiyyətlə, cavabsız qalır. Elə çiyinlərini çəkib, "vallah, elə eşitmişik" deyə bilirlər.
Maraqlana-maraqlana bu söhbətin kökünü tapa bildim. Sən demə, hər şeyin günahı yenə də son dövrün "başabəla"sı Facebook sosial şəbəkəsi imiş. Belə ki, özünü Mark Zukerbergdən ("Facebook" sosial şəbəkəsinin yaradıcısı) də vacib şəxs hesab edən bəzi səhifə yaradıcıları öz səhifələrini daha çox istifadəçiyə bəyəndirmək üçün bu yola əl atıblar. Son günlər "Facebook"da "Azərbaycan hökuməti Ramil Səfərovu Bakıya gətirir. Əgər onun nə vaxt bizim aramızda olmasını bilmək istəyirsənsə, sadəcə, bu səhifəni "like" et" kimi reklamlar meydan sulayır. Sən də bu reklama uyub böyük həyacanla səhifəni "like" (bəyəndim) edirsən ki, görüm, Ramil nə vaxt Bakıya gələcək. Nəticədə isə aldığın məlumat bu olur ki, "Ramil gələcək, vallah, gələcək." Rəsmi mənbə istəyəndə isə Markdan da vacib şəxsiyyət olan səhifə idarəçiləri az qala səni vətən xainliyində ittiham edib deyirlər ki, "sevinmək əvəzinə rəsmi mənbə axtarmağın nədir, əsas olan budur ki, Ramil gəlir."
Rəsmi məlumat sorağı ilə mətbuata, internetə baş vuranda yalnız bu informasiyanı əldə etdim: Ötən həftə Macarıstan səfərindən geri qayıdan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərin Ramil Səfərovun Bakıya ekstradisiya olunması ilə bağlı suallarına cavab verib ki, "Bu məsələyə Azərbaycan və Macarıstanın da üzv olduğu Avropa Şurası çərçivəsində hüquqi yardım konvensiyası çərçivəsində baxıla bilər. Konkret bu məsələnin qaldırıldığı təqdirdə Macarıstan tərəfi bu məsələyə baxacaq." Vəssəlam, nazir müavinin açıqlaması yalnız bu cümlələrdən ibarət olub.
"Qarışqanı fil eləyən" facebook səhifə idarəçiləri isə çox güman ki, elə bu xəbəri əsas tutub belə yalançı sensasiya yarada biliblər. Amma niyə? Facebook istifadəçisi olan oxucularımız elə o an cavab verəcəklər ki, "əlbəttə, səhifəyə daha çox istifadəçi toplamaq üçün." Özüm 2 ildən artıqdır həmin sosial şəbəkədə aktiv olsam da, hələ də bu istifadəçi toplamağın səhifə yaradıcısı və idarəçiləri üçün hansı üstünlük olduğunu aydınlaşdıra bilməmişəm. Maddi maraq? Xeyr, bu, mümkün deyil. Çünki səhifə ayrıca bir sayt deyil ki, ziyarətçi sayına görə balansına hansısa məbləğ daxil olsun. Səhifəndə lap 100 min istifadəçi olsa da, sən yalnız və yalnız Facebookun adi istifadəçisisən, vəssalam. Bəs onda istifadəçi sayını artırmaq istəyi haradan qaynaqlanır? Mənə görə bu adi "liderlik iddiası"dır. Həyatda istədiyi mövqeyi tutmağı bacarmayan insanlar bu yolla özlərini təsdiqlətmək istəyirlər. Yəqin ki, xəyal qurarkən səhifələrində olan 10-15 min adamı bir sözləri ilə arxalarınca apara biləcək təbəqələri, əsgərləri hesab edirlər. Bu "əsgərlər"in sayını artırmaq üçün də istənilən yola əl atırlar. Məsələn, Ramil Səfərovun vətənə qayıtması kimi həssas bir nöqtəyə toxunub xalqın heysiyyəti ilə oynamaq kimi.
Bir neçə ay öncə Ramil Səfərovun atası Sahib Səfərov müsahibələrinin birində mətbuatdan, jurnalistlərdən giley-güzar edərək demişdi: "Mətbuatdan çalışıram ki, uzaq durum. Nə qədər uzaq dursam, Ramil üçün bir o qədər də yaxşıdır. Çünki mətbuat öz xeyrinə görə məlumatları dəyişir. Bir şey deyən kimi də ermənilər eşidib qaçırlar Macarıstana..."
Hörmətli "yalançı liderlər", oyanın, siz belə yüngül reklamlara əl atmaqla təkcə xalqın hissləri ilə oynamırsınız, həm də adından yararlandığınız o igidin azadlığa qovuşması üçün olan cəhdləri də alt-üst edirsiniz. Bəlkə də həqiqətən Ramilin vətənə qaytarılması üçün işlər görülür. Amma, nə olar, gəlin, susaq. Yalandansa susmağınız yaxşıdır. Elə deyil?

10 dekabr, 2011


14.01.2012

"Çahargah əfsanəsi"nin acı həqiqətləri





Tələbə vaxtı bir fakültə yoldaşımın ""Cırtdan" nağılının psixoloji təhlili və azyaşlı uşaqlara mənfi təsiri" mövzusunda sərbəst iş yazdığını və onu diplom buraxılış işinə əlavə etdiyini eşitmişdim. İş o qədər maraqlı və səs-küylü olmuşdu ki, hətta həmin qrupda oxumayan tələbələr belə, onu oxumaq istəyirdi. Araşdırmada Cırtdanın heç də müsbət qəhrəman deyil, başqalarının hesabına dolanan (dostlarına yorğun olub, onu bellərində daşımağı təklif etməsi), təhdidlərə əl atan (istədiyi olmasa, nənəsinin onlara yaxmac verməyəcəyini deməsi), eqoist (divdən şübhələndiyi halda yalnız özü oyaq qalıb, dostlarını xəbərdar etməməsi), fırıldaqçı, yalançı olması göstərilirdi. İşdən xəbəri olan hər kəs araşdırmanın bir yenilik olduğunu, alqışla qarşılanacağını, buraxılış işinin də sözsüz "əla" qiymətinə layiq olacağını düşünürdü. Amma gözlədiyimizin tam əksi oldu. Həmin tələbənin elmi rəhbəri olan qocaman dosent işi geri qaytarıb, kiminsə şifahi xalq ədəbiyyatı nümunələrimizi təhqir etmək ixtiyarına malik olmadığını bildirmişdi.
O iş müdafiəyə buraxılmasa da, həmin dövrdə təhsil alan əksər tələbələr kimi, mənim yaddaşıma da həkk olundu. İstər-istəməz, uşaqlara hansı nağıllar oxuyuruq, bu nağıllar onları hansı istiqamətə yönəldir mövzusunda düşünməyə başladım.
...Bu günlərdə ikinci sinifdə oxuyan bir qohumum dərslərində ona kömək etməyimi xahiş etdi. Əlində həcmi göz qorxudan "Azərbaycan dili" kitabı var idi. Hansı mövzunu keçdiklərini soruşanda "Çahargah əfsanəsi" mətnini öyrənməli olduğunu dedi. Doğrusu, o əfsanənin adını ilk dəfə eşidirdim. Əvvəlcə, uşaqlara hələ ikinci sinifdən muğamlarımız haqqında məlumat verilməsi, əfsanələrin tədris olunması faktı məni sevindirdi. Uşaqdan kitabı alıb əfsanəni oxumağa başlamışdım ki, sevincim yarımçıq qaldı.
Əfsanə hökmdarın qəzəbinə düçar olaraq ədalətsiz şəkildə həbsxanaya atılmış bir musiqiçi haqqındadır. Həbsxanadan azad olan musiqiçi karvandakı dəvələrin zınqırovların səsi ilə Çahargah muğamını yaradır. Əfsanənin şəxsən mənim üçün diqqətçəkən məqamı məhz musiqiçinin həbsdən azad olması epiozodu oldu. Deməli, musiqiçinin dostları həbsxana nəzarətçisinə rüşvət verməklə dostlarını həbsxana divarlarından azad edirlər. İlk baxışdan bəlkə də burada qeyri-adi heç nə yoxdur. Amma gəlin, düşünək, bu vəziyyətdə başqa çıxış yolu yoxdurmu? Məncə, var. Amma nədənsə, əfsanə yaradan babalarımız da, dərsliyə məsul olan şəxslər də bir çox alternativ variant arasından məhz rüşvətlə azadlığa qovuşmağı seçiblər. Niyə? Yoxsa, Azərbaycan reallıqlarına daha yaxın olduğu üçün? Bəlkə də. Amma gəlin, düşünək, musiqiçinin dostları həbsxana nəzarətçisinə rüşvət vermək əvəzinə, onunla döyüşüb dostlarını azad etsəydilər, necə olardı? Bizə yaraşmazdımı? Ya da, məsələn, musiqiçinin günahsızlığını sübut etmək üçün hər hansı ağıllı üsul fikirləşə, xalqı onun azad etmək üçün ayağa qaldıra bilərdilər. Göründüyü kimi, babalarımızın da, elə indi bu dərsliyi tərtib etməklə məşğul olan ziyalılarımızın da ağlına ən asan və qeyri-qanuni yol - rüşvət vermək gəlib.
Bəlkə də çox kiçik görünən bu detalı belə qabartdığım üçün məni qınayacaqsınız. Amma nəzərə alın ki, bu kiçik detallar azyaşlıların beynində bizim düşündüyümüzdən də böyük izlər buraxır. Məsələn, belə: Dünən həmin qohumumun bir neçə gündür "xəstəlik" bəhanəsi ilə dərsə getmədiyini öyrəndim. Valideynləri də əslində, onun yalançı xəstəlikdən "əziyyət çəkdiyini" bilsələr də, uşağı məktəbə göndərə bilməyiblər. Uşaqla söhbət etmək qərarına gəldim. Ona "dərsə getməsən, müəllim bunu nəzərə alacaq və səni daha bir il də ikinci sinifdə saxlayacaq" kimi xəbərdarlıq elədim. Aldığım cavab isə belə oldu: "Heç nə olmaz, atam müəllimə də, direktora da pul verər, onlar da məni üçüncü sinfə keçirərlər."
Uşağın valideynləri isə belə bir fikri nəinki uşağın yanında demədiklərini, hətta ağıllarına da gətirmədiklərini dedilər. Hələ çox böyük təəccüb içində "axı bu fikir uşağın ağlına haradan gəlib" mövzusunda müzakirəyə də başladılar.
Mən isə deyəsən, fikrin haradan qaynaqlandığını başa düşmüşəm axı.


9 dekabr, 2011